Haqqımızda

 Azərbaycanda həmkarlar təşkilatlarının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Həmkarlar hərəkatı Avropadan Rusiyaya, oradan da Azərbaycana yayılmış, zaman-zaman həyatın bütün sahələrini əhatə etmişdir. Bu təşkilatlar təkcə işçilərin sosial, iqtisadi problemlərinin həlli ilə məşğul olmamış, eyni zamanda əsrin əvvəllərində ölkədə cərəyan edən siyasi proseslərin hərəkətverici qüvvəsinə çevrilmiş, dövlət təşkilatları və sahibkarlar qarşısında siyasi tələblər də qaldırmışdır.

Çarizm dövründə daha çox gizlin fəaliyyət göstərən, təzyiqlərlə üzləşən həmkarlar təşkilatlarının fəaliyyəti yalnız 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə açıq müstəviyə keçmiş, ölkədə bərqərar olan demokratiya şəraitində inkişaf edərək genişlənmişdir. Bu illərdə milli düşüncəli insanları bir araya gətirən həmkarlar təşkilatlarının formalaşması geniş vüsət almış, lakin Azərbaycanın Sovet imperiyasının əsarəti altına düşməsi bu təşkilatların möhkəmlənməsinə imkan verməmişdir.

1920-ci ilin əvvəllərində Azərbaycanda 20-dən artıq həmkarlar təşkilatı fəaliyyət göstərmişdir ki, onlardan biri də məhz Təhsil İşçilərinin Həmkarlar təşkilatıdır. Bu təşkilat Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı adı altında 1920-ci ilin iyun ayında yaradılmış, işini Xalq Maarif Komissarlığı ilə əlaqəli şəkildə qurmuş, sosializmin təhsil siyasətinin yerlərdə icrasının təmin edilməsi prosesinin iştirakçısına çevrilmişdir.

Fəaliyyətinin ilk illərindən başlayaraq Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı bir sıra işlər görmüş, kurslar təşkil etmiş, bu sahədə çalışan insanların əmək hüquqlarının təmin olunması ilə bağlı təkliflərlə çıxış etmişdir. Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı xüsusən də əhalinin savadlanması ilə bağlı mühüm tədbirlər həyata keçirmişdir.

1921-ci ilin yanvarında Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar İttifaqı İncəsənət İşçiləri Həmkarlar İttifaqı ilə birləşərək Maarif və İncəsənət İşçiləri Həmkarlar İttifaqı adlandırılmış, həmçinin həmin ilin mayından mətbuat işçilərini də öz sıralarında birləşdirmişdir. 1922-1934-cü illərdə məktəb, uşaq bağçaları, uşaq evləri, elmi idarə, ali məktəb və siyasi maarif idarələri işçiləri də Maarif İşçiləri Həmkarlar İttifaqında bir araya gəlmişlər. 1934-cü ildə Maarif İşçiləri Həmkarlar İttifaqı bir neçə müstəqil ittifaqa çevrilmiş, təhsil işçilərinin həmkarlar təşkilatı funksiyasını Azərbaycan Maarif İşçiləri Həmkarlar İttifaqı, İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı, Siyasi-Maarif İşçiləri Həmkarlar İttifaqı və Ali və Orta İxtisas Məktəblərinin Həmkarlar İttifaqları  yerinə yetirmişdir.

1948-ci ildə isə Kino-Foto İşçiləri Həmkarlar İttifaqı, Siyasi-Maarif İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər Müəssisə İşçiləri Həmkarlar İttifaqı, İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı ilə birləşdirilmişdir.

1957-ci ilin oktyabrında SSRİ-nin tərkibinə daxil olan əksər müttəfiq respublikaların maarif, ali məktəb və elmi idarə işçilərini birləşdirən Ümumittifaq Maarif, Ali məktəb və Elmi İdarə İşçilərinin Həmkarlar İttifaqı təsis olmuş, onun müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda Respublika Komitəsi yaradılmışdır. Azərbaycanın sovetlər birliyində təmsil olunduğu illərdə bu təsisat Maarif, Ali Məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı, Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqı adlandırılmışdır.

Bu illərdə təhsil işçilərinin həmkarlar təşkilatları müstəqil fəaliyyət göstərə bilməsə də, mütəmadi olaraq təhsil işçilərinin sosial durumunun, mənzil təminatının yaxşılaşdırılması, onların müalicə və istirahətlərinin təşkili, əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər görmüş, müəllim əməyinin qiymətləndirilməsi, əməyin iqtisadi baxımdan stimullaşdırılması, təhsil işçilərinin pensiya təminatı ilə bağlı təkliflərlə çıxış etmişdir.

Ötən əsrin 70-80-cı illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü respublikamızda həmkarlar ittifaqlarının fəaliyyəti üçün zəngin uğurlarla yaddaqalan olmuş, cəmiyyət həyatının digər əhəmiyyətli sahələri kimi bu sahənin inkişafı üçün də mühüm tədbirlər həyata keçirilmiş, həmkarlar ittifaqlarının fəaliyyətində demokratikləşmə meyllərinin əsası ulu öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində, məhz o illərdə qoyulmuşdur.

80-ci illərin sonlarından etibarən bütün Sovet imperiyasında başlanan müstəqilləşmə prosesi digər ictimai təsisatlar kimi Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin həyatında da özünü göstərmişdir. Bu illərdə təşkilat proseslərə təsir imkanlarını itirmiş, təhsil işçilərinin problemlərinin həllinə yardım iqtidarı zəifləmiş, Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqının fəaliyyətində yaranmış böhran 1990-cı ilin sentyabr ayında təşkilatın I qurultayında ittifaqın yeni nizamnaməsinin təsdiq olunması ilə nəticələnmişdir. Yeni nizamnamədə həmkarlar ittifaqının dövlət orqanlarından asılı olmayan müstəqil ictimai təşkilat kimi fəaliyyət göstərəcəyi öz əksini tapmışdır.

Sonradan 1991-ci ilin 25 oktyabrında keçirilən IV plenumda nizamnaməyə bəzi dəyişikliklər olmuş, 1992-ci il iyunun 10-da isə təşkilat Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmişdir. Həmin nizamnaməyə əsasən İttifaq «Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqı» adlandırılmışdır.

Yeni nizamnamədə üzvlərin hüquq və azadlıqları, aşağıdan yuxarıyadək bütün həmkarlar ittifaqı orqanlarının seçkili olması, üzvlər qarşısında hesabatlılıq və s. kimi mütərəqqi müddəalar öz əksini tapmış, qurumun müstəqilliyi təmin edilmişdir. Bu illərdə təhsil işçilərinin hüquqlarının qorunması, sosial təminatının yaxşılaşdırılması, tələbələrin asudə vaxtının səmərəli təşkili, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bir sıra işlər görülmüşdür.

Bütün bunlarla yanaşı 1990-93-cü illərdə Azərbaycanda yaşanan ağır siyasi böhran, başıpozuqluq, torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğal olunması Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqının fəaliyyətinə də mənfi təsir göstərmişdir. Doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimizin sanatoriya və istirahət mərkəzlərində, tələbə yataqxanalarında yerləşdirilməsi, inflyasiya və s. bu kimi problemlər  Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqının nizamnaməsində əksini tapan öhdəliklərin yerinə yetirilməsinə mane olmuşdur.

Bu acınacaqlı vəziyyətin dəyişməsi yalnız 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışından sonra mümkün oldu. Respublikada bütün infrastrukturun tamamilə dağıdıldığı, ölkədə hərc-mərcliyin, anarxiyanın hökm sürdüyü bir vaxtda xalqının köməyinə gələn Heydər Əliyevin yürütdüyü səmərəli siyasət nəticəsində qısa müddət ərzində irimiqyaslı layihələrin icrasına başlanıldı, xarici investorlar ölkəyə cəlb olundu, yeni-yeni müəssisələr fəaliyyətə başladı, minlərlə iş yerləri yaradıldı, Azərbaycanın iqtisadiyyatı yenidən quruldu.

Bu inkişaf, tərəqqi tezliklə həmkarlar ittifaqlarının fəaliyyətində də özünü göstərdi. Ümummilli liderin ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar təşkilatlarının fəaliyyətində ciddi dönüş yarandı, bu təsisat öz mahiyyəti üzrə fəaliyyət göstərməyə başladı. Həmkarlar təşkilatlarının fəaliyyətində demokratik prinsiplərin geniş tətbiqi həmkarlar təşkilatlarını işçilərlə rəhbərlik arasında yaranan ziddiyyətləri müəssisənin daxilində həll edə bilən özünüidarəetmə sisteminə çevirdi. Həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı.

Ümummilli liderimiz həmkarlar təşkilatlarının fəaliyyəti ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində də misilsiz işlər gördü. Həmkarlar təşkilatlarının inkişafına təkan verən önəmli addımlardan biri 1994-cü ilin 24 fevralında "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununun imzalanmasından ibarət oldu. Qanun digər peşə sahibləri kimi təhsil işçilərinə də heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququ verdi. Həmçinin həmkarlar ittifaqlarının dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmaması, onlar qarşısında hesabat verməməsi, həmkarlar təşkilatlarının müəssisələrin rəhbərliyindən asılılığının olmaması, qanunvericilikdə bu təsisatın işinə kənar müdaxilələrin yolverilməzliyi ilə bağlı müddəanın öz əksini tapması həmkarlar təşkilatlarının təhsil işçilərinin hüquqlarının qorunması istiqamətində sərbəst fəaliyyət göstərməsinə şərait yaratdı.

Qanunun qüvvəyə minməsindən sonra bu təsisat özünün davamlı inkişaf yoluna qədəm qoydu.

Hər il əmək haqlarının artırılması, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi, həmkarlar təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində atılan addımlar tezliklə öz bəhrəsini verdi, həmkarlar təşkilatları nüfuzlu bir quruma çevrildi.

1999-cu ildə ölkəmizdə aparılan təhsil islahatı ilə əlaqədar olaraq Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı adlandırıldı və təşkilat illər keçdikcə səmərəli fəaliyyəti ilə nüfuzunu qaldıraraq öz sıralarını genişləndirdi.

Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (bundan sonra «İttifaq» adlanacaq) öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının  ümumölkə birliyidir.

İttifaqın fəaliyyətində könüllülük, üzvlərin bərabərliyi, şəffaflıq əsas prinsiplərdir. İttifaq öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən, müstəqil, qeyri-kommersiya və qeyri-siyasi təşkilatdır.

İttifaq öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, bu Nizamnaməyə, həmkarlar ittifaqının bağladığı müqavilələrə əsasən həyata keçirir.

İttifaq həmkarlar ittifaqı hərəkatının tərkib hissəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür, onun Nizamnaməsini tanıyır. İttifaq öz fəaliyyətində dövlət və təsərrüfat orqanlarından, sahibkarlar və onların birliklərindən, ictimai və siyasi təşkilatlardan asılı deyil, onlara hesabat vermir və onlar tərəfindən nəzarət olunmur.

İttifaqın hüquqi ünvanı: Bakı şəhəri, Gənclər meydanı, 3.

İttifaq 10 iyun 1992-ci il tarixdə 186 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
Haqqımızda
banner image

Xəbərlər

“Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub

“Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təşəbbüsü ilə çap olunmuş “Qəhrəman təhsil işçiləri” kitabının təqdimat mərasimi keçirilib.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, “Yaşat” Fondunun İdarə Heyətinin üzvü Şair Ramaldanov və müharibə iştirakçısı olmuş təhsil işçilərinin iştirak etdiyi tədbirdə əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Ardınca 44 günlük Vətən müharibəsində şəhid olmuş təhsil işçilərinin xatirəsinə həsr olunmuş video-çarx nümayiş olunub.Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev bildirib ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən etibarən Zəfər yürüşünə başladı: “Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları və silahlı qüvvələrini darmadağın etdi. Müzəffər Ordumuz 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü göstərdi. Düşmən məğlubiyyətini etiraf etdi, kapitulyasiyaya uğradı. Nəticədə Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə birdəfəlik son qoyuldu”.AHİK sədri qeyd edib ki, Vətən müharibəsində 760 nəfərdən çox təhsil işçisi döyüşlərə qatılıb: “Onlardan 21 nəfəri şəhid olub. Vətən müharibəsində canından keçmiş bütün şəhidlərimizin xatirəsini bir daha ehtiramla anır, onların ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı onların əziz xatirəsini hər zaman uca tutacaq”Onun sözlərinə görə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən tərtib olunan “Qəhrəman təhsil işçiləri” kitabı ikinci Qarabağ müharibəsində silaha sarılan təhsil işçilərinə həsr olunub: “Hesab edirəm ki, bu kitabın çap edilməsi döyüşlərdə həlak olmuş şəhid təhsil işçilərinin xatirəsinin əbədiləşdirilməsi, müharibədə iştirak etmiş ittifaq üzvlərinin keçdiyi nümunəvi döyüş yolunun gələcək nəsillərə təbliği və onlarda milli vətənpərvərlik hissinin inkişaf etdirilməsi baxımından faydalı olacaq”.Sonra Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edib. Nazir müavini qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevi rəhbərliyi ilə Müzəffər Ordumuzun sücayəti sayəsində sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük zəfərə imza atdı. İşğalda olan torpaqlarımız azad olundu. Bu qələbə Ali Baş Komandanın, xalqla birliyin, haqq işinin Müzəffər Azərbaycan Ordusunun gücünün, rəşadətli əsgərlərin, Azərbaycan xalqının iradəsinin qələbəsidir.F.Qurbanov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə hazırda quruculuq işləri görülür, yeni yaşayış evləri, məktəblər tikilir. Artıq Zəngilan rayonunun Ağalı kəndində orta məktəb fəaliyyət göstərir. Tezliklə Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində bu işlər uğurla həyata keçiriləcək. Sonra polkovnik Şair Ramaldanov və başqaları çıxış edərək Ordumuzun şücaətindən, gənclərimizin vətənpərvərliyindən danışıblar.2-5.jpg 89.49 KB3-5.jpg 133.64 KB1-5.jpg 115.18 KB7.jpg 182.58 KB6-1.jpg 174.96 KB5.jpg 113.38 KB10.jpg 179.27 KB9.jpg 109.2 KB8-1.jpg 112.32 KB

16.03.2023

Naxçıvanda sosial qayğıya ehtiyacı olan 1250 ailəyə bayram sovqatları verilib

Naxçıvanda sosial qayğıya ehtiyacı olan 1250 ailəyə bayram sovqatları verilib

Prezident İlham Əliyevin diqqəti və tapşırığı ilə ölkəmizdə sosial layihələrin icrası diqqət mərkəzindədir. Bütün bayramlarda və dövlətimiz üçün digər əlamətdar günlərdə aztəminatlı, şəhid, qazi və digər həssas qruplardan olan ailələrə sovqat və yardımlar təqdim olunur.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Novruz bayramı ərəfəsində digər bölgələrlə yanaşı, Naxçıvanda da yaşayan 1250 aztəminatlı ailə üçün ərzaq bağlamalarından ibarət yardım təşkil olunub və təyinatı üzrə ünvanlara yola salınıb.Yola salınma mərasimində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak edib.3-3.jpg 317.92 KB4-3.jpg 220.56 KB1-3.jpg 392.48 KB

14.03.2023

AHİK-in nümayəndəsi Yunanıstan Əmək Konfederasiyasının  Qurultayında iştirak edib

AHİK-in nümayəndəsi Yunanıstan Əmək Konfederasiyasının Qurultayında iştirak edib

Martın 9-11-də Yunanıstan Əmək Konfederasiyasının  38-ci Qurultayı keçirilib. Paytaxt Afina şəhərində baş tutan Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını (AHİK) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov təmsil edib.Yunanıstanın bütün bölgələrindən səsvermə hüququ olan 400 nümayəndənin qatıldığı Qurultayda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Antonio Lisboa, Avropa İqtisadi və Sosial Komitənin İşçi Qrupunun sədri Oliver Röpke, Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin Fəaliyyəti üzrə direktor müavini Anna Biondi, həmçinin Fransa, İspaniya, Almaniya, İsveç, İtaliya, Türkiyə, Portuqaliya, Serbiya, Ukrayna, Albaniya, Bolqarıstan, Belçika və Avstriyanın həmkarlar ittifaqlarının nümayəndələri  iştirak ediblər.Qurultayda Yunanıstan Əmək Konfederasiyasının hazırkı sədri Yanis Panaqopolus səs çoxluğu ilə yenidən növbəti müddətə sədr seçilib.Qeyd edək ki, Qurultaydan öncə “Yaşayış xərclərinin böhranı - Həmkarlar İttifaqlarının təkliflərinin nəzərə alınması” mövzusunda beynəlxalq konfrans təşkil edilib. Konfransda çıxış edən AHİK-in nümayəndəsi Səbuhi İmanov dünyada müşahidə olunan yaşayış xərclərinin artmasından, böhranının kökündə duran problemlərdən, gündəlik istehlak məhsullarının qiymətlərinə təsir edən amillərdən danışıb. Bildirib ki, dünya əhalisinin sayı 8 milyardı keçib, bu isə labüd olaraq əmək bazarında rəqabəti artırıb, əmək münasibətlərini daha da həssas edib, insanların, demək olar ki, bütün növ gündəlik ehtiyaclarına - qida məhsullarına, enerji, bütün növ xidmət sahələrinə və hətta oksigenə olan tələbatının artmasına gətirib çıxarıb. Onun sözlərinə görə, böhran qlobal olsa da, artan xərclərdən daha çox aşağı gəlirli ölkələr əziyyət çəkir.S.İmanov həmçinin ölkəmizdə bu istiqamətdə görülən işlərdən söz açıb. Bildirib ki, Azərbaycanda əhalinin sosial rifah halının, aztəminatlı ailələrin sosial durumunun yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. Hər il ölkədə müşahidə olunan inflyasiyanın səviyyəsi nəzərə alınmaqla dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqları, sosial müavinətlər və təqaüdlər artırılır, sosial-müdafiə tədbirləri görülür.Tədbir digər çıxışlarla davam edib.  Sebuhi Yunan2.jpg 181.97 KBSebuhi yunan 3.jpg 273.52 KB

14.03.2023

ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

Fevralı 28-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib.İclasa ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev sədrlik edib.Gündəliyə 2022-ci ildə “ATİAHİ Respublika Komitəsində və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “ATİAHİ Respublika Komitəsinin 2022-ci ilə dair ümumi illik statistik hesabatının təsdiqi barədə”, “2022-ci ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə” və digər məsələlər daxil edilib.Gündəliyə daxil edilən məsələlərin hər biri ilə bağlı ətraflı məlumat verilib və müvafiq qərarlar qəbul edilib.Sonda Səttar Möhbalıyev Rəyasət Heyəti üzvlərinə bir sıra tövsiyə və tapşırıqlarını verib.3 (7).jpg 87.42 KB2 (8).jpg 238.47 KB1 (9).jpg 87.89 KB

28.02.2023

Keçidlər

Qalereya

Videolar

Bizimlə əlaqə

Bizimlə əlaqə üçün aşağıdakı məlumatlardan istifadə edin

Bizimlə əlaqə

© 2023 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo